Şb. İyl 20th, 2019

Dünya azərbaycanlıları arasında həmrəylik fəaliyyətimizin əsasını təşkil edir

Bu gün hər bir azərbaycanlının böyük qürur  hissi ilə qeyd etdiyi Dünya Azərbaycanlılarının Həmrəylik Günü ulu öndər Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında ən böyük xidmətlərindən biridir. 1991-ci ildə hələ Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olarkən dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq 31 dekabrı Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etməsindən düz 27 il keçir.
Əslində, ümummilli liderin diaspor quruculuğu ilə bağlı fəaliyyəti onun Azərbaycanda hakimiyyətinin ilk mərhələsinə, yəni 1969-1982-ci illərə gedib çıxır. O illərdə azərbaycanlı gənclərin müxtəlif ölkələrdə təhsil almağa göndərilməsi heç də təsadüfi deyildi. Bu, ümummilli liderin SSRİ dövründə həyata keçirdiyi uzaqgörən və məqsədyönlü siyasətin tərkib hissəsi idi: azərbaycanlılar, xüsusən gənclər təkcə Azərbaycanda qalmasınlar, Sovet İttifaqının başqa şəhərlərində, respublikalarında da yaşasınlar, hər yerdə Azərbaycanın diasporu olsun, lobbisi formalaşsın.
Ümummilli lider Heydər Əliyevin xalqın təkidi ilə 1993-cü ildə hakimiyyətə qayıdışından sonra xaricdə yaşayan azərbaycanlılarla sistemli iş aparılması, diaspor quruculuğunun dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilməsi bu sahədə xüsusi dövlət qurumunun yaradılması ilə nəticələndi. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən 5 iyul 2002-ci ildə “Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında” fərman imzalandı. 2008-ci ildə isə ölkə başçısı cənab İlham Əliyevin sərəncamı ilə bu komitənin əsasında Diasporla İş üzrə Dövlət Komitəsi yaradıldı. Bu illər ərzində azərbaycanlıların təşkilatlanması istiqamətində müəyyən işlər görüldü, türkdilli ölkələrin diaspor təşkilatları ilə əlaqələr quruldu və birgə fəaliyyət strategiyası qəbul olundu. Dünyada gedən qloballaşma prosesi, xalqlar arasında sürətli inteqrasiya meyillərinin güclənməsi bu gün diaspor quruculuğu sahəsində daha effektiv işlər görməyi qaçılmaz edir.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müasir dünyanın qlobal tələblərinə uyğun siyasi kursu son dövrlərdə diaspor hərəkatını daha da gücləndirib, xaricdəki Azərbaycan icmaları arasında əlaqələr  möhkəmlənib, haqq səsimizin dünyaya çatdırılması, həmvətənlərimizin hüquq və azadlıqlarının müdafiəsi, həmçinin ölkələr daxilində siyasi proseslərə, az da olsa təsir göstərilməsi istiqamətində bir sıra nailiyyətlərə imza atılıb. Bəzi ölkələrin diaspor təcrübəsinə baxdıqda görünən odur ki, diaspor ilə sarsılmaz bağlar qura bilən ölkələr, beynəlxalq arenada daha güclü tərəfə çevrilirlər. Ölkəmiz də məhz  bu hədəfə doğru irəliləyir. Qeyd etməliyik ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev ulu öndərin müəyyənləşdirdiyi siyasi kursu uğurla davam etdirərək, diaspor quruculuğu işinin keyfiyyətcə yeni müstəviyə qaldırılması istiqamətində önəmli addımlar atmaqdadır.
Bu istiqamətdə Azərbaycanı layiqincə təmsil edən, ölkəmizdə və dünyada xeyriyyəçi, humanist fəaliyyəti ilə seçilən, həmçinin, mədəniyyətə, idmana qayğı ilə yanaşan, elm, təhsil, səhiyyə sahələrində respublikada və beynəlxalq miqyasda ictimai-siyasi xadim kimi böyük işlər görən  Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın müstəsna rolu xüsusi qeyd edilməlidir.  Birinci xanımın rəhbərliyi ilə Heydər Əliyev Fondu Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, ölkəmizin üzləşdiyi təcavüzkarlıq faktının ifşası istiqamətində məqsədyönlü və ardıcıl iş aparır. Fondun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbüsü ilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yaradılan internet portalı (http://www.justiceforkhojaly.org), müxtəlif dillərdə hazırladığı “Qarabağ həqiqətləri” adlı bukletlər dünya ictimaiyyətinə problemin kökləri, səbəbləri haqqında kifayət qədər məlumat çatdırıb. Daha dəqiq desək, fondun dəstəyi ilə 2007-ci ildən başlayaraq, hər il müxtəlif ölkələrdə Xocalı faciəsinə həsr olunmuş konfranslar, tədbirlər keçirilir, bu istiqamətdə xüsusi təbliğat aparılır. Aksiyalarda “Xocalı soyqırımı” filmi, ermənilərin Xocalıda törətdikləri vəhşilikləri əks etdirən fotoşəkillər, müxtəlif illərdə xarici ölkələrin nüfuzlu nəşrlərində Xocalı faciəsi haqqında dərc edilmiş materiallar və “Azərbaycana qarşı müharibə: mədəni irsin hədəfə alınması” kitabı təqdim olunur. Fondun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə başlayan “Xocalıya ədalət!”  Beynəlxalq kampaniyası bu istiqamətdə atılan ən önəmli addımlardandır. Məhz bu kampaniyaya start veriləndən sonra bir sıra ölkələrin parlamentləri Xocalı soyqırımının tanınması ilə bağlı qərarlar qəbul edib, ayrı-ayrı dövlətlərdə Xocalı soyqırımı abidələri qoyulub.
Yeni dünya düzəni və qloballaşma prosesləri diaspor siyasətinin  tarixi məzmununu dəyişməkdədir. İndi diasporlar yalnız müəyyən bir dövlətin ərazisində məskunlaşmış eyni milli mənsubiyyətli insanların yaratdıqları ictimai hərəkat və ya birlik kimi nəzərdən keçirilmir, onlar həm də təmsil etdikləri xalqın milli maraqlarının fəal müdafiəçisi kimi tanınır. Diaspor təşkilatları fəaliyyət göstərdikləri ölkələrin ictimai-siyasi həyatının vacib komponentinə çevrilir, xarici siyasətə təsir imkanları əldə edir, dövlətlər arasında münasibətlərin inkişafında mühüm rol oynayırlar.
Diasporların dövlətlər arasındakı münasibətlərə təsiri onların daxili mahiyyəti, özünəməxsus xarakteri, konkret bir mədəniyyətin daşıyıcısı olması, təmsil etdiyi millətin, xalqın, yaxud etnosun tarixi mənafelərini ifadə etməsi ilə bilavasitə bağlıdır. Çünki dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq hər bir xalqın diasporu yalnız özünün hüquq və azadlıqlarının qorunmasına çalışmır, həm də milli mədəni irsini təbliğ etməyə, tarixi Vətəni haqqında rəy formalaşdırmağa, onun rifahı və inkişafına dəstək olmağa səy göstərir.
Diasporların dövlətlər arasındakı münasibətlərin inkişafı haqqında danışarkən, Azərbaycanın bu sahədəki təcrübəsinə diqqət yetirmək yerinə düşür. XX əsrin sonlarında dünyada baş vermiş mürəkkəb ictimai-siyasi proseslər, Sovet İttifaqının süqutu, birqütblü dünyanın yaranması, yeni müstəqil dövlətlərin meydana çıxmasından sonra diaspor quruculuğu işinin əhəmiyyəti daha da artmağa başladı. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra diaspor quruculuğu dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. Bu inkişaf həm də Azərbaycan diasporunun yaranması, onun formalaşması, təşkilatlanması, mütəşəkkil qüvvəyə çevrilməsinə şərait yaratdı. Əldə edilmiş nailiyyətlər, eyni zamanda, dünya azərbaycanlıları arasında həmrəyliyin güclənməsi, ölkəmizin milli maraqları ətrafında sıx birləşməsi üçün güclü zəmin formalaşdırdı. Soydaşlarımızın tarixi Vətənlə əlaqələrini daha da gücləndirmək istiqamətində ümummilli liderin atdığı mühüm addımlar tədricən nəticəsini verməyə başladı və 2001-ci ilin noyabrında Bakıda Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi kimi tarixi hadisə baş verdi. Dünya azərbaycanlıları ilk dəfə olaraq Bakıda bir araya gəldi, qarşıda duran vəzifələri, problemləri, onların aradan qaldırılması yolları müzakirə edildi. Ümummilli liderin diaspor quruculuğu sahəsində ardıcıl olaraq həyata keçirdiyi uzaqgörən siyasəti nəticəsində Azərbaycan diasporunun tarixində yeni bir mərhələ başlandı.
Bu gün müasir dünyanın çağırışları yeni diaspor strategiyasının hazırlanmasını zəruri etdiyindən Diasporla İş üzrə Dövlət Komitəsinin  (DIDK) yeni “Strateji Yol Xəritəsi” işlənib hazırlanıb və icrası istiqamətində addımlar atılır. Hazırda dövlət komitəsi əsas prioritetlərindən biri və birincisi ölkə başçısının tapşırıqlarına, komitənin Əsasnaməsinə və digər normativ-hüquqi sənədlərə uyğun olaraq dünya azərbaycanlılarının birləşdirilməsi, soydaşlarımızın fəaliyyətinin koordinasiya edilməsi, diaspor hərəkatının gücləndirilməsi, milli-mədəni irsin təbliği, işğal edilmiş ərazilərimizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və həmvətənlərimizin xarici ölkələrin ictimasi-siyasi həyatında fəal mövqe tutması, siyasi-iqtisadi təsir imkanlarına malik olması  istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
Azərbaycanın diaspor təşkilatlarının dayanıqlı əsaslar üzərində qurulması və daha güclü təməllərlə fəaliyyət göstərməsi üçün dövrün tələblərinə uyğun yeni strateji istiqamətlər müəyyənləşdirilib. Diasporla İş üzrə Dövlət Komitəsində strateji hədəflərə yönələn yenilənmiş fəaliyyət proqramı çərçivəsində artıq intensiv tədbirlərin həyata keçirilməsinə başlanılıb. Türkiyə, Fransa, Almaniya, Rumıniya, Ukrayna, Rusiya, Gürcüstan, İsveçrə, İsveç, Hollandiya, Çin və Amerika Birləşmiş Ştatlarına səfərlər edilib, soydaşlarımız və diaspor fəalları ilə görüşlər keçirilib, onların problemləri öyrənilib və həlli istiqamətində əməli tədbirlər görülür.
Bu gün dünyanın təqribən 50 ölkəsində 556 diaspor təşkilatımız mövcuddur. Ümumiyyətlə isə son 8 ayda Dövlət Komitəsinin nümayəndə heyəti 11 ölkədə diasporlarımızla görüşlər keçirib, onların vəziyyəti ilə yerindəcə tanış olub və fikir mübadiləsi aparılıb.
Dünyada yaşayan azərbaycanlı gənclərin birliyinin daha da möhkəmləndirilməsi yolunda, ölkə başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq, davamlı işlər aparılır.  Bu istiqamətdə atılmış növbəti  addımlardan biri bu ilin avqust ayında 37 ölkədən 140 gəncin iştirakı ilə “Cümhuriyyətin 100 illiyi” Diaspor Gənclərinin I yay düşərgəsinin keçirilməsi və burada “Azərbaycan Diaspor Gəncləri” şəbəkəsinin təsis edilməsidir.
Bir məsələni də xüsusi qeyd etmək lazımdır ki, müxtəlif ölkələrdə keçirilmiş görüşlərdə azərbaycanlıların birliyinə təkan verildi, Azərbaycan dövlətinin xaricdəki azərbaycanlılara diqqət və qayğısı bir daha təsdiqləndi, Azərbaycana dost diaspor təşkilatları ilə Azərbaycan diaspor təşkilatları, eyni zamanda, DİDK arasında əməkdaşlığın əsası qoyuldu, diaspor təşkilatları ilə təcrübə mübadiləsi sahəsində tarixi razılaşmalar əldə olundu. Yerli rəsmilərlə görüşlərdə həmin ölkələrdəki azərbaycanlıların problemləri qaldırıldı və onların həllinə mümkün təkan verildi. Azərbaycan adı bir daha təbliğ olundu, azərbaycanlıların bu ölkələrdəki mövqeyinə əhəmiyyətli müsbət təsir göstərildi, dövlət səviyyəsində diaspora dəstəyin artdığı sübut olundu, Avropa və Amerikadakı Azərbaycan diasporunun fəaliyyətinin güclənməsinə stimul verildi.
Artıq Xarici İşlər Nazirliyi və Diasporla İş üzrə Dövlət Komitəsi arasında əməkdaşlıq haqqında razılaşmaya uyğun olaraq, Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən bütün diplomatik nümayəndəliklərinə birgə fəaliyyətlə bağlı müvafiq məktub göndərilib. Bu istiqamətdə digər əlaqələndirmə tədbirlərinin həyata keçirilməsi də gündəlikdə duran məsələlər sırasındadır və yeni fəaliyyət proqramları çərçivəsində atılan addımların müvafiq nəticələrin təhlili göstərir ki, ayrı-ayrı ölkələrdəki Azərbaycan diaspor təşkilatları öz fəaliyyətlərində yeni, effektiv iş mərhələsinin başlandığını etiraf edir. Artıq bir ölkə daxilində bir-biri ilə çəkişən, umu-küsü saxlayan diaspor təşkilatı, demək olar ki, yoxdur. Ölkə başçısı, cənab İlham Əliyev tərəfindən yaradılan Diaspora Dəstək Fondu isə dünyada Azərbaycanın diaspor ənənələrinin daha da inkişaf etməsinə möhkəm təməl formalaşdıracaq.
Dövlət komitəsinin işləyib hazırladığı yeni yol xəritəsində xarici ölkələrdə yaşayan azərbaycanlıların hüquqlarının və azadlıqlarının müdafiəsinin təmin olunması vacib istiqamətlərdən biridir. Bu məqsədlə dünyadakı beynəlxalq təşkilatlar, müxtəlif ölkələrin miqrasiya və bilavasitə diaspora məsul dövlət orqanları, qeyri-hökumət qurumları, Azərbaycandakı beynəlxalq təşkilatlar və səfirliklər ilə birbaşa əməkdaşlıq yaradılıb. Dövlət komitəsinin nümayəndə heyəti səfərdə olduğumuz hər bir ölkədə müvafiq qurumlarla da görüşlər keçirir, soydaşlarımızın problemlərini onların diqqətinə çatdırır, problemlərin həlli  yolları ilə bağlı müzakirələr aparır və dəstək olmağa çalışırıq. Almaniya və Fransa DİN-ləri, ABŞ Dövlət Departamenti, dünyanın bir çox elm və təhsil ocaqları ilə əməkdaşlıq qurulub. Diasporla İş üzrə Dövlət Komitəsi xaricdəki azərbaycanlıların hüquqlarının qorunması ilə bağlı daha bir vacib təşəbbüsə qoşulub. Azərbaycanlıların xarici ölkələrdə insan alverinin qurbanına çevrilməsinin qarşısının alınması, eyni zamanda, qurban olmuş şəxslərin xilas edilməsi işinə dövlət komitəsi, eləcə də xaricdəki Azərbaycan diaspor təşkilatlarının cəlb edilməsi üçün Beynəlxalq Miqrasiya Təşkilatı ilə müzakirələr aparılır.
Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən Türkiyə Respublikasında şəxsiyyəti təsdiq edən sənədləri olmadan məskunlaşmış azərbaycanlıların problemlərinin həlli, soydaşlarımızın müvafiq sənədlər əldə etməsi istiqamətində davamlı işlər görülür.
Soydaşlarımızın hüquq və azadlıqlarından danışarkən Gürcüstanda yaşayan azərbaycanlıların problemləri unudulmamalıdır. Ölkə rəhbərliyinin və dövlət komitəsinin hər zaman diqqətində olan Gürcüstanda yaşayan azərbaycanlılarla bağlı problemlərin həlli istiqamətində zəruri  addımlar atılır. Bu ilin iyun ayında dövlət komitəsinin nümayəndə heyətinin Gürcüstanda səfəri zamanı azərbaycanlılar yaşayan bölgələrdə yerli sakinlərlə görüşlər keçirildi, onların problemləri, qayğıları dinlənildi, icra orqanlarının nümayəndələri və bir sıra rəsmi qurumlarda bu məsələlər müzakirə olundu. Həmvətənlərimizin burada təhsil, səhiyyə və sosial problemləri ilə yanaşı, ən önəmli məsələ onların yerli cəmiyyətə inteqrasiyası ilə bağlıdır. Çünki,yalnız cəmiyyətə inteqrasiya etmiş, vətəndaşı olduğu dövlətin dilini, qanunlarını bilən bir toplum öz hüquqlarını qoruya, normal yaşam şərtlərini təmin edə bilər. Eyni zamanda, bu səfər çərçivəsində soydaşlarımızın ilkin tibbi yardımla bağlı problemlərini qismən həll etmək məqsədilə Heydər Əliyev Fondu adından Bolnisi və Qardabani rayonunlarına yüksək tibbi imkanlara malik təcili tibbi yardım avtomobili hədiyyə edildi.
Soydaşlarımızın yaşadıqları ölkələrdə assimlyasiya deyil, inteqrasiya etməsi hər zaman aktualdır və ana dilinin qorunub yaşadılması dövlət komitəsinin qarşısında qoyulan əsas vəzifələrdəndir. Bu istiqamətdə də davamlı işlər görülür. Məsələn, bu yaxınlarda İsveçrədə “Qarabağ” adlı Azərbaycan dili və mədəniyyəti məktəbi açılaraq, soydaşlarımızın istifadəsinə verilib. Fransanın Nant şəhərində də belə bir tədris ocağının açılması planlaşdırılır.
Hazırda xaricdə Azərbaycan məktəblərinin sayının artırılması, soydaşlarımızın dilimiz, tariximiz, mədəniyyətimiz və ümumilikdə ölkəmiz haqqında daha geniş informasiyalar əldə etməsi üçün ardıcıl addımlar atılır. Görülən işlər, yalnız məktəblərlə tamamlanmır. Bir sıra ölkələrdə davamlı olaraq fəaliyyət göstərən kurslarda Azərbaycan dilinin, mədəniyyətinin incəlikləri nəinki soydaşlarımıza, onların övladlarına, eyni zamanda, xarici ölkə vətəndaşlarına da öyrədilir. Azərbaycan dili və mədəniyyətinin təbliği ilə yanaşı, həm də Azərbaycanın zəngin tarixi-mədəni irsə malik olduğu, azərbaycanlıların tolerant və sülhpərvər bir xalq olduğu bir daha dünyaya bəyan edilir. Eyni vaxtda, istər məktəblərin, istərsə də kursların fəaliyyətində Azərbaycan həqiqətlərinin təbliği, torpaqlarımızın işğalı, Qarabağ problemi ilə bağlı informasiyaların dünya ictimaiyyətinə çatdırılması əsas hədəflərdən biri kimi saxlanılır.
Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması işində digər xalqların diasporu ilə qarşılıqlı faydalı əməkdaşlığı, təcrübə mübadiləsini faydalı hesab edən dövlət komitəsi ilk dəfə olaraq xarici ölkələrin diaspor siyasətinə cavabdeh dövlət qurumları ilə qarşılıqlı əməkdaşlıq haqqında memorandum imzalayıb. Bu anlaşma ilk olaraq dövlət komitəsi ilə Rumıniyanın Xaricdə Yaşayan Rumınlarla İş üzrə Nazirliyi arasında baş tutub. Sənəd iki strateji tərəfdaş ölkənin diasporunun birgə əməkdaşlığını və təcrübə mübadiləsini nəzərdə tutur.
Türkiyə Nazirlər Kabineti yanında Xaricdə Yaşayan Türklər və Əqraba Toplulukları İdarəsi ilə bizim komitə arasında da “Diasporla iş sahəsində əməkdaşlığa dair anlaşma Memorandumu” imzalanıb. Bu sənəd qardaş ölkənin analoji qurumu ilə daha sıx və səmərəli əməkdaşlığa şərait yaradacaq. Hazırda İsveçrə, Meksika, Misir və İsrailin diaspor üzrə məsul dövlət qurumları ilə  də memorandumun imzalanması üçün danışıqlar aparılır.
Bu gün müasir dövrün yeni çağırışlarına uyğun olaraq ölkəmizdə innovativ inkişaf üçün ciddi addımlar atılır və ildən-ilə genişlənir. Bu prosesdə informasiya texnologiyaları sahəsi mühüm rola malikdir. Dövlət komitəsi də informasiya-kommunikasiya texnologiyalarının imkanlarından yararlanaraq müxtəlif innovativ layihələr həyata keçirməkdədir.
– komitənin rəsmi internet saytı yeni tərtibatda, üç dildə istifadəyə verilib;
– saytın təhlükəsizliyi maksimum səviyyədə təmin edilib;
– statistik göstəricilər nəzərə alınmaqla saytın mobil və digər qurğuları dəstəkləməsi təmin edilib;
– sayt sosial şəbəkələr ilə tamamilə inteqrasiya edilib və həm vebsayt üzrə, həm də ayrıca sosial şəbəkələr üzrə əhatəli analitik hesabatların qeydiyyatı aparılır;
– diasporamap.com inforqrafik xəritə platformasını istifadəyə verdik, müxtəlif ölkələrdəki diaspor təşkilatlarını və tanınmış azərbaycanlıları ölkələr üzrə topladıq. Qeyd edim ki, bu istiqamətdə işlərimiz davam edir, təşkilatların vahid bazası təkmilləşdirilir;
– dövlət komitəsinin loqo və üslubunu çoxsaylı təkliflər nəzərə almaqla yenidən tərtib etdik;
– multimedia məhsullarının sayını artırmaqla dövlət komitəsi haqqında informasiya boşluğunu doldurmağa nail olduq. Video və inforqrafik çarxlar, slayd və təqdimat xarakterli informasiyalar saytımızın və sosial şəbəkələrin köməyi ilə geniş ictimaiyyətə çatdırılır.
Komitənin internet televiziyası Diaspor TV yaradılaraq, aktiv fəaliyyəti təmin edilmişdir. Diaspor TV-də “Dünyada yaşayan azərbaycanlıları tanıyaq-tanıdaq” layihəsi həyata keçirilir. Layihə çərçivəsində, uğur əldə etmiş soydaşlarımız haqqında videoroliklər hazırlanaraq yayımlanır. Onlayn Azərbaycan dili dərsləri təşkil edilir, “Azərbaycan dilində danışan xaricilər” və “Qarabağ” rubrikası da fəaliyyət göstərir. Burada Qarabağ haqqında 5 cümlə 5 dildə yayımlanır.
Paralel olaraq, komitənin İctimai Televiziya ilə birgə layihəsi çərçivəsində ayda bir dəfə  “Vətən uzaqda deyil” adlı veriliş yayımlanır. Verilişdə xaricdə yaşayan soydaşlarımızla müsahibələr, həyata keçirilən layihələr barədə videoreportajlar və s. yer alır.
Müasir dövrün tələblərinə uyğun olaraq sosial şəbəkələrə diqqət artırılıb. Xüsusilə, sosial şəbəkələr üçün müxtəlif rubrikalar üzrə hazırlanmış multimedia materialları və rəsmi vebsaytın informasiya paylaşımları hesabına izləyicilərin sayında böyük artım oldu və proses sürətlə davam etməkdədir. Diaspor təşkilatlarına onların elektron və sosial mediada işini gücləndirmək məqsədilə informasiya-kommunikasiya texnologiyaları sahəsində tam ödənişsiz texniki dəstək təklif edirik. Diaspor təşkilatlarının internet saytlarının hazırlanması, e-poçt xidmətlərinin yaradılması və digər innovativ məsələlərdə, eləcə də sosial mediada marketinq işinin təşkilinə dair dəstək göstərəcəyik. Bu məqsədlə, diaspor təşkilatlarının qeydiyyata alınması prosesi davam edir və artıq 85 təşkilat qeydiyyatdan keçib.
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin radiosu Diaspor.FM test yayıma başlayıb. Həm veb üzərindən, həm də mobil tətbiq vasitəsilə yayım aparılır.
Bu tip layihələrin həyata keçirilməsində əsas hədəflərimizdən biri də internet məkanında Azərbaycan həqiqətləri ilə bağlı informasiyaların – kontentin üstünlüyünə nail olmaqdır.
Müasir dövrdə informasiya müharibəsi, şərtlər, siyasi reallıqlar və yeni fəaliyyət mexanizmləri, Azərbaycan diaspor hərəkatında gənclərin rolu, lobbi quruculuğu, cəmiyyətə inteqrasiya və siyasi həyatda fəallığın artırılması kimi mühüm məsələlər, həmçinin təbliğat işində müasir metodların və informasiya texnologiyalarının tətbiqi 2019-cu ildə də dövlət komitəsinin diqqət mərkəzində olacaq. Ulu öndərin qoyduğu strateji xəttin davamı olaraq diaspor fəaliyyətinin coğrafiyası daha da genişləndiriləcək, xarici ölkələrin parlament və hökumət üzvləri, dövlət orqanlarının rəhbərləri, ictimai xadimlər, elm adamları, jurnalistlərlə əlaqələr yaradılması, onların Azərbaycanla tanışlıq və məlumatlandırma xarakterli səfərlərinin təşkili həyata keçiriləcək.
Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, azərbaycanlılara qarşı ermənilərin törətdikləri vəhşiliklər barədə beynəlxalq ictimaiyyətin məlumatlandırılması, konkret hadisələr üzrə faktların dünya ictimaiyyətinə çatdırılması cənab Prezidentin hər birimizin qarşısında müəyyən etdiyi ən vacib məsələlərindən biridir.
Görülən bu işlər yalnız müəyyən vəzifə daşıyıcılarının və ayrı-ayrı ictimai xadimlərin deyil, bütövlükdə hər bir azərbaycanlının, hər bir vətənsevərin, eləcə də beynəlxalq hüquq normalarına hörmətlə yanaşan hər bir insanın borcudur.
Fuad MURADOV,
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri
Sosial şəbəkələrdə paylaş:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir