“Yüksək ideyalar yolunda” – tanınmış rəssamın növbəti sərgisi belə adlanır

Bakıda tanınmış rəssam Soltan Soltanlının rəngkarlıq əsərlərindən ibarət “Yüksək ideyalar yolunda“ adlı sərgisi açılıb.

AZƏRTAC xəbər verir ki, sərgidə rəssamın son iki ildə yaratdığı 30 rəngkarlıq əsəri nümayiş olunub.

Tədbirin açılış mərasimində çıxış edən professor Rafiq Əliyev sərginin əhəmiyyətindən danışıb. Rəssamın qeyri-adi yaradıcılıq üslubundan danışaraq Soltan Soltanın əsərlərini Azərbaycan rəssamlığında yeni yanaşma kimi dəyərləndirib: “Hər bir rəssam həyata, rənglərə başqalarından daha fərqli yanaşır. Soltan Soltanlı da öz yaradıcılıq üslubu ilə əsərlərinə diqqəti cəlb etməyi və insanları düşündürməyi bacaran rəssamdır”.

Professor Nizami Tağısoy, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev və yazıçı Fazil Güney çıxış edərək sərgidə nümayiş olunan əsərlərin yüksək bədii-estetik keyfiyyətlərindən danışıblar. Qeyd olundu ki, Soltan Soltanlı Azərbaycanda yaxşı tanınmaqla yanaşı, dünyanın bir çox yerlərində də ölkəmizi layiqincə təmsil edir.

Vurğulanıb ki, onun əsərlərinin başlıca tələbi qeyri-reallığı inandırıcı, məntiqli, fəlsəfi, aydın və sadə göstərməkdir. Rəssam da irrealizm üslubunun tələblərinə əməl edərək sənətin əbədi mövzularına baş vurmağa, tamaşaçıları düşünməyə və düşündürməyə çalışıb.

Qeyd edilib ki, Soltan Soltanlı təsviri sənətin rəngkarlıq, qrafika və karikatura sahələri ilə məşğul olur. Rəssam uzun illərdir ölkəmizi beynəlxalq yarışma və sərgilərdə layiqincə təmsil edərək yüksək mükafatlara layiq görülüb. Onun yaradıcılığı çağdaş rəssamlığın uğurlu örnəkləridir. Rəssamın əsərləri birbaşa hansısa ideya və mövzu ilə bağlı olub həmin ideyanın açımına xidmət edir. Onun əsərləri üçün fəlsəfilik, məntiqilik və yüksək bədiilik xarakterikdir. Rəssamın yaradıcılığı üçün idrakilik və fəlsəfilik başlıca özəllikdir. Çağımızda hər sayaq anlaşılmazlığın “dərin”, “fəlsəfi” sayılmasını qəbul etməyən rəssam tamaşaçını aldatmaq istəmir, əsərlər ilə insanların xəyal dünyasını genişləndirməyə, gerçək dünyanın mahiyyətini göstərməyə çalışır. O, fantaziyalarına inanır və təsvir etdiyi hadisələrin gerçəkdən ola biləcəyinə tamaşaçıda inam yaradır. Bu təsvirlər qeyri-realdır. Ona görə, o, öz əsərlərini “irreal” adlandırır. Bu əsərlər dünyanın 50-dən çox ölkəsində muzey və şəxsi kolleksiyalarda qorunur.

Tədbirin iştirakçılarına təşəkkür edən rəssam Soltan Soltanlı sərgi haqqında məlumat verib: “İstəmişəm ki, əsərlərimdə insanlara gələcəyə inam, romantika, həyatı sevməyi aşılayım. Bu istəklə əsərlərimi yaratmağa çalışıram. Buna nə qədər nail olmağıma isə siz tamaşaçılar deyə bilərsiniz. Mənə görə sənətin başlıca mövzusu insandır. Sərginin adının da yüksək ideyalar yolunda olması buna istiqamətlənib. Hər bir sənətkar öz yaradıcılığında yüksək ideyalara can atır. Həyatı sadəcə təsvir etmək, göstərmək, təqlid etmək yox, onun mənası ilə insanları tanış etməkdir. Mənim əsərlərim də bu istəkdən yaranıb”.

Daha sonra tədbir iştirakçıları sərgi ilə tanış oldular. Sərgilənən rəsmlər böyük maraqla qarşılanıb.

Qeyd edək ki, yanvarın 17-dək davam edəcək sərgidə rəssamın irreal üslubda yaratdığı “Gələcəyin şəhəri”, “Atotaran”, “Gizli qalmış gözəllik”, “Əsir qadın”, “Kəpənəktutan qadın”, “Xəstə qızılgüllər”, “Ala qoyun hara getdi” və başqa əsərləri nümayiş olunur.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir