“Vərəm haqqında biliklərimizi artıraq” mövzusunda tədbir keçirildi

Bu gün Azərbaycan vərəm əleyhinə QHT Koalisiyası və Sabunçu rayon Qızıl Aypara bölməsinin dəstəyi ilə Bakıxanov qəsəbəsində yerləşən M.Şəhriyar adına uşaq kitabxanasında rayonun fəal qadınlarının iştirakı ilə “Vərəm haqqında biliklərimizi artıraq” mövzusunda görüş keçirildi.
QHT.az xəbər verir ki, tədbiri giriş sözləri ilə açan Sabunçu rayon Qızıl Aypara bölməsininsədri Elmira Məlikova görüş iştirakçılarını salamladı. Daha sonra çıxış edən AZQAC-ın İcmaya əsaslanan sağlamlıq proqramının rəhbəri Mətanət Qaraxanova Ümumdünya Səhiyyə təşkilatını narahat edən qlobal dərmanlara davamlı vərəm xəstəliyinin yayılmasından danışaraq, təşkilatın son stratejik planına əsasən 2030-cu ilədək vərəmə son qoymaqla bağlı dünya ölkələri qarşısında duran öhdəliklər və hədəflər barədə məlumat verib.
Sağlamlığa Xidmət İctimai birliyinin həkim koordinatoru Samirə Məmmədova xəstəliyin yayılma yolları, profilaktikası və müalicəsi haqqında təqdimatla çıxış edərək,  iştirakçıları maraqlandıran sualları cavablandırmışdır. Onun sözlərinə görə, ölkəmizdə vərəm xəstələrinə yönəli ayrıseçkiliyin qarşısının alınması bu xəstəlikdən sağalma hallarının artmasına öz töhfəsini verə bilər.
Daha sonra Sağlamlığa Xidmət İB-in sədr müavini Pərvanə Vəliyeva QHT Koalisiyasının yaranma tarixi və vərəmlə mübarizə sahəsindəki aktiv fəaliyyəti haqqında təqdimat etmişdir. O, bildirdi ki, vərəmlə mübarizədə qeyri-hökümət təşkilatları əvəzsiz rol oynayır və QHT-lərin aidiyyatı dövlət qurumları ilə birgə səyi nəticəsində Azərbaycanda bu sahədə uğurlu nəticələr əldə olunmuşdur.
Çıxış edən AZQAC nümayəndəsi və Koalisiyanın aktiv üzvü Sona Hacıyeva Beynəlxalq Qırmızı Xaç Komitəsinin təşəbbüsü ilə başlayan penitensiar müəssisələrdə vərəmə nəzarətin gücləndirilməsi layihəsi nəticəsində burada vərəmdən ölüm hallarının sayı 1995-ci illə müqayisədə 10 dəfə azalmışdır.
Görüş iştirakçıları AZQAC Sabunçu rayon bölməsinin rəhbəri Elmira Məlikova tərəfindən dəvət edilmişdi. Tədbirdə Sabunçu rayon Qadınlar cəmiyyəti üzvləri, tibb bacıları, həkimlər və jurnalistlər, kitabxana və məktəb nümayəndələri, vərəmlə xəstə bir neçə qadın da iştirak edirdilər.
Tədbir ərzində vərəmlə bağlı maarifləndirici bir neçə kiçik klip, sosial video çarx, və “Qışın isti nəfəsi” bədii filmi nümayiş olunmuşdur.
İştirakçılar tədbirdən məmnun olduqlarını qeyd edərək, bu cür tədbirlərin orta və ali təhsil müəssisələrində daha çox keçirilməsinin zəruri olduğunu və bundan sonra təmsil etdikləri qurumlarda vərəmlə mübarizədə fəal olacaqlarını bildirmişlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir