Ç. İyn 26th, 2019

Şuranın dəstəyi ilə QHT-lərin fəaliyyəti haqqında həftəlik xəbərlər proqramı hazırlanacaq

Bu barədə QHT.az-a “İnformasiya Təşəbbüslərinə Dəstək” ictimai birliyinin sədri Cəsarət Hüseynzadə məlumat verib.
Təşkilat rəhbəri qeyd edib ki, QHT TV-nin dəstəklənməsinə yönələn bu fəaliyyət Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Vətəndaş cəmiyyəti təşkilatları üçün yeni media imkanlarının yaradılması” layihəsi çərçivəsində baş tutacaq.
Layihənin məqsədi QHT-lərin fəaliyyətinin təşviq edilməsi ilə müxtəlif sektorlar arasında etimadın artırılmasına və cəmiyyətin davamlı inkişafına nail olmaqdır.
Cəsarət Hüseynzadə qeyd edib ki, vətəndaş cəmiyyəti təşkilatları üçün yeni media imkanları dedikdə, məhz multimedia (internet TV) imkanlarının yaradılması və inkişafı, bu fəaliyyətlərin sosial media üzərindən aparılması nəzərdə tutulur.
Layihənin əsas mahiyyəti vətəndaş cəmiyyəti sektorunda baş verən hadisələr, QHT-lərin fəaliyyəti, həyata keçirdiyi layihələr və tədbirlər haqqında  video informasiyaların hazırlanması və yayımını təşkil etməklə, vətəndaş cəmiyyəti sektorunun fəaliyyətini təbliğ etməkdir.
Cəsarət Hüseynzadə bildirib ki, layihə çərçivəsində QHT-lərin fəaliyyətini işıqlandıran həftəlik xəbərlər proqramının hazırlanması nəzərdə tutulur. Həftəlik xəbərlər blokunda 10-a yaxın QHT-nin fəaliyyəti və tədbirləri, eyni zamanda həftənin vətəndaş cəmiyyəti ilə bağlı önəmli xəbərlərinə yer veriləcək. Xəbərlər blokunun 10 dəqiqə olmaqla həftədə 1 dəfə, layihə müddətində 15 buraxılış hazırlanması nəzərdə tutulur.
Bu layihədə xəbərlər blokunun hazırlanmasında əsas format vətəndaş jurnalistikası olacaq.
Belə ki, təşkilat layihənin daha əhatəli olmasının təmin etmək üçün xəbərlər blokunu QHT-lərldən gələn video materiallar əsasında hazırlamağı planlaşdırır. Bununla bağlı QHT-lərə texniki məsləhətlər də veriləcək.
Layihə rəhbərli QHT-ləri yaradılan bu imkandan istifadə etməyə çağırıb:
“Bizim bütün QHT-lərin tədbirlərində çəkiliş etməyə imkanımız yoxdur. Bildiyiniz kimi QHT-lər layihələr çərçivəsində keçirilən tədbirlərin video çəkilişlərini aparır. Həmin video çəkilişlərdən 1-2 dəqiqələrik görüntü təqdim etdikləri halda, təşkilatın fəaliyyətini xəbərlər blokunda işıqlandırılması mümkün olacaq. Hər bir QHT qeyd olunan məlumatları bizə təqdim etməklə bu imkandan yararlana bilər.”
Eyni zamanda layihə çərçivəsində vətəndaş cəmiyyəti ilə bağlı hadisələr və ictimai əhəmiyyətli məsələlər ilə bağlı 10 reportajın da hazırlanması nəzərdə tutulub.
Hazırlanmış xəbərlər, müsahibələr və reportajlar QHT TV –nin internet səhifəsi (www.qhttv.az), QHT.az saytı, QHT TV–nin youtube kanalı və digər sosial şəbəkələrdə yayımlanacaq.
Qeyd edək ki, QHT TV 2017-c ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən ““QHT TV” – vətəndaş cəmiyyəti təşkilatları üçün media imkanlarının genişləndirilməsi” layihəsi çərçivəsində fəaliyyətə başlayıb.

Sosial şəbəkələrdə paylaş:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir