Şuranın dəstəyi ilə “Əlil Sahibkarlar Təşkilatı” İctimai Birliyi layihəsinin sonuncu seminarını keçirib

Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Əlil Sahibkarlar Təşkilatı” İctimai Birliyi “Əlilliyi olan və digər həssas sosial qruplara aid olan şəxslərin BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri prinsiplərinə uyğun sahibkarlıq fəaliyyətinə təşviq edilməsi” adlı layihəsinin sonuncu və əlavə seminarını 19 iyul 2019-cu il tarixində Sumqayıt şəhəri, Heydər Əliyev Mərkəzində yerləşən Kiçik və Orta Biznesin (KOB) Dostu mərkəzində keçirib.
Seminarı giriş sözü ilə “Əlil Sahibkarlar Təşkilatı” İctimai Birliyinin sədri Mirzə Məmməd-Vəliyev başlayaraq, təşkilatın icra etdiyi layihənin sonuncu və əlavə təşkil etdiyi seminar haqqında məlumat verdi. O, seminarda ölkəmizin bir neçə rayonlarından gəlmiş əlil sahibkarın olduğunu nəzərə alaraq cari layihənin məqsədindən və növbəti mərhələlərindən, təşkilatın icra etdiyi digər layihələrdən və gələcək hədəflərindən ətraflı məlumat verib sözü ekspert və təlimçilərə verdi.
Belə ki, seminarda qonaq ekspert kimi iştirak edən Sumqayıt şəhəri üzrə Kiçik və Orta Biznesin (KOB) Dostu mərkəzinin rəhbəri Elmar Rzayev Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA), KOB Dostu və KOB Evlərinin yaranması tarixindən, məqsədindən, sahibkarlara təqdim olunan xidmətlərdən və fəaliyyətindən ətraflı məlumatı hazırladığı təqdimatla seminar iştirakçılarına çatdırdı. O, əlavə etdi ki, KOB Dostu Sumqayıtda qeydiyyatda olan hər bir vətəndaşa öz həmkarları və könüllüləri ilə birlikdə xidmət göstərməkdədirlər. E. Rzayev seminar iştirakçılarına əlil sahibkarlar üçün dövlətin hazırladığı yeni proqramlardan və imtiyazlardan da geniş məlumat verdi. Sonra söz təlimçi, Bakı Mühəndislik Universitetinin müəllimi, Avropa İttifaqının HORİZON 2020 proqramının Kiçik və Orta Müəssisələrin inkişafı üzrə Milli Əlaqələndirici şəxsi Arif Nəcimova verildi. O, cari layihənin hədəf qrupuna, yəni əlilliyi olan şəxslərin sahibkarlığın inkişafı üçün dövlətin və xarici donor (sponsor) təşkilatların  alternativ maliyyə mənbəyinin tapılması imkanlarından və “Əlil Sahibkarlar Təşkilatı” İctimai Birliyi ilə müxtəlif proqram və layihələrin birllikdə hazırlanması imkanlarından seminar iştirakçılarına ətraflı məlumat verdi.
Sonra söz seminarda iştirak edən bir neçə əlil sahibkarlara verildi və onlar çıxışlarında öz uğur hekayalərini bölüşdülər. Seminarda davamlı iştirak edən bir çox iştirakçılar layihə çərçivəsində təlimçilərdən və dəvət olunmuş qonaq ekspertlərdən xeyli bilik və təcrübə öyrəndiklərini qeyd edib, layihənin təşkilatçılarına və maliyyə dəstəyi göstərmiş Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının rəhbərliyinə təşəkkürlərini çatdırdılar.
Seminarın təlimçiləri və ekspertləri, iştirakçıları maraqlandıran sualları cavablandırıldıqdan sonra yekunlaşdı.
“Əlil Sahibkarlar Təşkilatı” İctimai Birliyi 2014-cü ildən Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alındığı vaxtdan bu günə kimi Sumqayıt şəhərində və ölkəmizin bir çox bölgələrində fəaliyyətə başlamışdır. İxtisaslaşmış təşkilat kimi əsas fəaliyyət istiqaməti sağlamlıq imkanları məhdud uşaqların və əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası, reabilitasiyası, məşğulluq qabiliyyətlərinin qarşılanması və əmək bazarında sərbəst fəaliyyəti üçün vacib olan maarifləndirilmə, hüquqi dəstək, peşə hazırlığı və sahibkarlıq fəaliyyətinə təşviq edilməsi aiddir.
Təşkilat, birbaşa əlillərin işsizlik probleminin həlli yolunda əsas addım kimi sahibkarlıq fəaliyyətinin təbliğini və bu sahədə olan problemlərin qarşısının alınması üçün maarifləndirməni özünün strateji hədəfi kimi seçmişdir. Təşkilat dövlətin əksər mərkəzi icra hakimiyyəti orqanları ilə əməkdaşlıq edir, həmçinin 2018-ci ildə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında İctimai Şurada təmsil olunan 15 təşkilatdan biridir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir