İnternat məzunu qadınlara dəstək layihəsinin icrasına start verildi

06 avqust tarixində Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfirliyinin maliyyə dəstəyi ilə İcma quruculuğuna təşəbbüslər proqramının qalibi Pərvanə Vəliyevanın təşəbbüsü ilə “İnternat məktəblərinin qadın məzunlarına dəstək” layihəsi çərçivəsində Masazır qəsəbəsində yerləşən Sosial Məzun evində məskunlaşmış qadınlarla görüş keçirildi. 
Görüşü giriş sözləri ilə açan layihə rəhbəri P.Vəliyeva layihə, onun məqsədləri və görüləcək işlər barədə iştirakçılara məlumat verdi. Layihə çərçivəsində nəzərdə tutulmuş ödənişsiz tikişçilik və modelyerlik kurslarına cəlb ediləcək qadınlar siyahıya alındı.
Layihə koordinatoru və modelyer Rəna Qasımova kursların qadınlara verəcəyi töhfə və təcrübə proqramı haqqında danışdı. Ərazidə yerləşən uşaq bağçası hələ ki istifadəyə verilmədiyi üçün layihəyə töhfə olaraq, kurslara cəlb olunan anaların kursda iştirak etdikləri müddət ərzində körpələrinin qayğısına qalacaq dayə xidməti də təşkil olunacaq.
Daha sonra çıxış edən sosioloq və təlimçi Zəminə Səfərova layihə çərçivəsində təşkil olunacaq “qadınların liderlik bacarıqlarının inkişafı”, ailə planlaşdırılması və həyat bacarıqlarının inkişafı təlimləri və onların xanımlara verəcəyi töhfə barədə məlumat verdi.
Qadınlar bu müəssisədə əsas narahatlıq doğuran məsələnin işsizlik və imkansız ailələrin sosial müavinət ala bilməmələri olduğunu bildirdilər. Bundan əlavə, ərazidə uşaq bağçasının fəaliyyət göstərməməsi qadınların işləməsini məhdudlaşdırır.
Layihənin icrası müddətində internat məzunu qadınlara psixoloji və hüquqi dəstək də göstərilməsi  nəzərdə tutulub. Qadınlar, eyni zamanda, sosial biznesin qurulması, kiçik biznesin təşkili, qadın sağlamlığı və hüquqları barədə təlimlərdən də bəhrələnə biləcəklər. 9 ay davam edən layihənin sonunda qadınların hazırladıqları əl işlərinin sərgisi keçiriləcək və onlar hazırladıqları məhsullarından gəlir əldə edə biləcəklər.
Görüşdə iştirak edən Azərbaycan Qızıl Aypara Cəmiyyətinin “İcmaya əsaslanan sağlamlıq proqramı”nın koordinatoru və layihə çərçivəsində təlimçi psixoloq Mətanət Qaraxanova ana südü həftəsi ilə əlaqədar qadınlar arasında maarifləndirici söhbətlər apararaq, ana südü ilə qidalandırmanın vacibliyi barəsində ətraflı məlumat verdi.
Sonda layihə rəhbəri Pərvanə Vəliyeva layihənin icrasına böyük dəstəyinə göstərdiyinə görə Sosial Məzun evinin rəhbərliyinə öz minnətdarlığını bildirdi.
Sosial şəbəkələrdə paylaş:
0

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir