Sağlamlığa Xidmət İctimai birliyi İcbari Tibbi Sığorta barədə məlumatlandırma layihəsinin icrasına start verdi

“Sağlamlığa Xidmət” İctimai birliyi Azərbaycan Respublikasının  Prezidenti yanında Qeyri-hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin texniki köməyi ilə “İlkin Səhiyyə Xidməti sahəsində çalışan tibb işçilərinin və ümumi əhalinin İcbari Tibbi Sığorta mexanizmi barədə məlumatlılığının artırılması” layihəsinin icrasına start verib. 
Layihə çərçivəsinə ötən ayın sonlarında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin əməkdaşları ilə görüş keçirilmiş, layihə fəaliyyətləri haqqında məlumat verilmiş və layihənin icrası ilə bağlı onların təklif və tövsiyyələri nəzərə alınmışdır.
1 avqust tarixində Sağlamlığa Xidmət İctimai birliyinin layihə üzrə rəhbəri və sədri 29 İyul – 1 avqust tarixlərində ölkədə səfərdə olan Ümumdünya Səhiyyə Təşkilatının İlkin Səhiyyə Xidməti və səhiyyənin maliyyələşdirilməsi üzrə mütəxəssislərinin missiyasının yekunu ilə əlaqədar konfransda iştirak edərək, İcbari Tibbi Sığortanın tətbiqi ilə bağlı ən son yeniliklər və gələcək strateji planlar barədə məlumat əldə etmişlər. Layihə rəhbəri Pərvanə Vəliyeva Sağlamlığa Xidmət İctimai birliyi tərəfindən regionlarda və Bakı şəhərində həyata keçirilməsi planlaşdırılan İcbari Tibbi Sığorta barədə məlumatlandırma tədbirləri haqqında konfrans iştirakçılarına məlumat vermiş və Agentlik rəsmilərinə əhalini ən çox maraqlandıran bir neçə sualı çatdırmışdır.
06 avqust tarixində “Sağlamlığa Xidmət” İctimai birliyinin rəhbərlik etdiyi Vərəm əleyhinə QHT Koalisiyasının üzvləri ilə görüş keçirilmişdir.
Layihəyə töhfə olaraq, Koalisiya üzvləri İcbari Tibbi Sığorta barədə məlumatlandırılmış və onların sualları cavablandırılmışdır.
 Görüşdə Koalisiya üzvlərindən 4 təşkilatın – Azərbaycan Qızıl Aypara Cəmiyyətinin, “Həyat” Humanitar dəstək təşkilatının, “İnkişafa doğru qadın təşəbbüsü” İctimai birliklərinin nümayəndələri ilə yanaşı, həkim-ekspert Samirə Muxtarova da iştirak etmişdir. P.Vəliyeva “Tibbi sığorta haqqında qanun” barədə təqdimatla çıxış etmiş və İcbari tibbi sığortanın tətbiqi ilə insanların keyfiyyətli və əlçatan tibbi xidmətlərdən yararlanmasının iqtisadiyyatda müsbət artım dinamikasına səbəb olacağını vurğulamışdır.
Layihəyə töhfə olacaq növbəti tədbir Səhiyyə Nazirliyi Ölkə Əlaqələndirmə Komissiyasının maliyyə dəstəyi ilə 15 avqust tarixində Park İnn mehmanxanasında keçiriləcək və səhiyyə istiqamətli fəaliyyət göstərən yerli QHT-lər İcbari Tibbi Sığorta barəsində maarifləndiriləcəkdir. Tədbirdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin əməkdaşının da iştirakı gözlənilir.
Sosial şəbəkələrdə paylaş:
0

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir