Şuranın dəstəyi ilə sosial-psixoloji xidmətlərə həsr olunmuş ictimai maarifləndirmə tədbiri keçirilib

“İnklüziv Cəmiyyət Naminə” Əlilliyi olan Şəxslərə Dəstək ictimai birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirilən “Əlilliyi olan şəxslərə sosial-psixoloji xidmətlərin təşkili” adlı layihə çərçivəsində Abşeron Rayon Təhsil Şöbəsinin akt zalında ictimai maarifləndirmə tədbiri keçirilib.
“Əlilliyi olan şəxslər üçün sosial-psixoloji xidmətlərin əhəmiyyəti” mövzusuna həsr olunmuş həmin tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Vüqar Bəşirov, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Hafiz Mikayılov, məktəbəqədər və ümumtəhsil məktəblərinin pedaqoji işçiləri, Abşeron Uşaq Günərzi Qayğı və Reabilitasiya Mərkəzinin mütəxəssisləri də iştirak ediblər.
Abşeron Rayon İcra Hakimiyyətinin nümayəndələri giriş sözü ilə tədbiri açıq elan etdikdən sonra rayon ərazisində əlilliyi olan şəxslər üçün sosial-psixoloji xidmətlərin təşkili sahəsində aidiyyəti dövlət qurumları, təhsil müəssisələri və vətəndaş cəmiyyəti institutlarının fəaliyyəti barədə ümumi məlumat veriblər.
Daha sonra salamlama nitqi ilə çıxış edən İctimai birliyin sədri, sosial iş üzrə mütəxəssis Ramilə Rasimqızı müasir dövr üçün çox aktual olan bir mövzuya həsr olunmuş layihəyə dəstək verdiyinə görə Şuraya, bununla bağlı ictimai maarifləndirmə tədbirinin keçirilməsi üçün yaradılan şəraitə görə isə Abşeron Rayon İcra Hakimiyyətinin rəhbərliyinə və Təhsil Şöbəsinə təşəkkürünü bildirib.
Birliyin sədri rəhbərlik etdiyi layihə barədə ətraflı məlumat verərək qeyd edib ki, bu layihənin əsas məqsədi – əlilliyi olan şəxslər, o cümlədən uşaqlar, gənclər və onların ailələri üçün sosial-psixoloji xidmətlərin təşkil edilməsi, eyni zamanda sosial işçilərin, psixoloqların və pedaqoqların iştirakı ilə bu mövzuda maarifləndirmə tədbirlərinin keçirilməsi yolu ilə həmin qəbildən olan insanların sosial inklüziyasına mane olan sosial-psixoloji maneələrin aradan qaldırılmasına, əlilliyi olmayan həmyaşıdları ilə onlar arasında səmimi ünsiyyət və dostluq münasibətlərinin qurulmasına, ümumi təyinatlı təhsil müəssisələrində heç bir ayrı-seçkiliyə yol verilmədən birgə təhsilə (inklüziv təhsilə) cəlb olunmalarına bərabər imkanlarının yaradılmasına dəstək verməkdən ibarətdir.
Ramilə Rasimqızı böyük minnətdarlıq hissi ilə vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyeva əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsini, onların təkcə tibbi deyil, həm də psixo-pedaqoji və sosial reabilitasiyasını, habelə sosial inklüziyasını nəzərdə tutan genişmiqyaslı kompleks tədbirlərin həyata keçirilməsini daim diqqət mərkəzində saxlayırlar.
Təqdirəlayiq hal kimi, diqqətə çatdırılıb ki, ölkə Prezidentinin qanunvericilik təşəbbüsü ilə ötən ilin sonunda qəbul edilən və psixoloji yardım göstərilməsinin hüquqi əsaslarını, psixoloji yardım alan şəxslərin və psixoloqların hüquqlarını və vəzifələrini müəyyən edən, bu sahədə yaranan münasibətləri tənzimləyən “Psixoloji yardım haqqında” Qanununa əsasən, tibbi-sosial reabilitasiyası zamanı əlilliyi olan şəxslərin ödənişsiz psixoloji yardım almaq hüququ vardır.
 Eyni zamanda həmin Qanunda xüsusi olaraq təsbit olunmuşdur ki, əlilliyi olan şəxslərin tibbi-sosial reabilitasiyası onlara psixoloji yardımın göstərilməsi ilə bağlı tədbirləri də nəzərdə tutmalıdır.
Tədbirə təlimçi kimi dəvət olunmuş psixoloq Lalə Həmidli mövzu ilə bağlı çıxış edərək psixoloji yardımın anlayışı, əhəmiyyəti, hüquqi əsasları, standartları, növləri, formaları, əsas prinsipləri, bu sahədə dövlətin vəzifələri, əlilliyi olan uşaqlar, gənclər və onların ailələri, habelə psixoloji problemlərin yaranma riski yüksək olan digər əhali qrupları arasında profilaktik tədbirlərin, psixoloji məsləhət və maarifləndirmə fəaliyyətinin həyata keçirilməsi, psixoloji yardım göstərən və alan şəxslərin hüquqları və vəzifələri, təhsil və səhiyyə müəssisələrində psixoloji yardımın xüsusiyyətləri, psixologiya sahəsi ilə əlaqəli olan yeni biliklərin, vərdişlərin və münasibətlərin inkişafına yönəlmiş aktiv öyrənmə üsulları haqqında iştirakçılara maraqlı məlumatlar verib.
Bundan əlavə tədbirdə bir sıra sosial-psixoloji problemlər, onların baş vermə səbəbləri, korreksiyaedici və inkişafetdirici metodların,  bu sahədə qabaqcıl təcrübələrin öyrənilərək tətbiq edilməsi mexanizmləri, əlilliyin müasir tərifi, əlilliyə yanaşmada tibii modeldən insan hüquqlarına əsaslanan sosial modelə keçidin əhəmiyyəti, eyni zamanda inklüziv təhsilin anlayışı, aktual problemləri və perspektivləri, əlilliyi olan uşaqların erkən aşkarlanması, psixoloji inkişaf pozuntularının korreksiyası, abilitasiya və sosial-psixoloji reabilitasiya yolu ilə onların inklüziv təhsil imkanlarının artırılması, əlilliyi olan uşaq və gənclərin, habelə ailələrin sosial inkluziyası, bu qəbildən olan şəxslərin cəmiyyət tərəfindən düzgün dərk edilməsininə mane olan mənfi streotiplərdən irəli gələn sosial-psixoloji məhdudiyyətlərin aradan qaldırılması yoları barədə  maraqlı müzakirələr aparılıb, verilmiş çoxsaylı suallar cavablandırılıb.
Tədbir iştirakçıları belə bir əhəmiyyətli layihənin Abşeron rayonunda yüksək səviyyədə icra olunmasına göstərdiyi dəstəyə görə Şuraya və təşkilatçılara öz təşəkkürlərini bildiriblər.
Sosial şəbəkələrdə paylaş:
0

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir