Ça. Okt 15th, 2019

Şuranın dəstəyilə “Təbiəti qoruyaq” aksiyasına start verilib

Bu gün “Səs” qəzetinin redaksiyasında “Kür-Xəzər Xeyriyyə” İctimai Birliyinin Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şirasının maliyyə dəstəyi ilə reallaşdırdığı “Plastik torbalardan istifadənin məhdudlaşdırılması istiqamətində təbliğat tədbirlərinin təşkili” layihəsinin ictimai təqdimatı keçirilib. Jurnalistlər qarşısında çıxış edən “Kür-Xəzər Xeyriyyə” İctimai Birliyinin sədri, layihə rəhbəri Akif Kərimov tədbirin mahiyyətindən danışıb.
A.Kərimov bildirib ki, bu gün bütün dünya bizim ümumi evimiz olan Yer planetinin sağlam, ekoloji cəhətdən təmiz olması üçün bütün neqativ hallara qarşı mübarizə aparır: “Ekologiyamıza sağalmaz yara vuran amillərdən biri də sellofan torbalardan istifadədir. Bilirsiniz ki, bu torbalar uzun müddət çürümür və torpağın, dənizin və ümimiyyətlə Ana təbiətin çirklənməsinə səbəb olur. “Kür-Xəzər Xeyriyyə” İctimai Birliyi olaraq QHT-lərə Dövlət Dəstəyi Şurasının maddi dəstəyi ilə həyata keçirdiyimiz layihə çərçivəsində hərəkət məhdudiyyətli üzvlərimiz tərəfindən ekoloji təmiz, orqanik məhsullardan hazırlanan torbalardan istifadə etməyinizi tövsiyyə edirik. Bura gəlməkdə də məqsədimiz üzvlərimiz tərəfindən istehsal etdiyimiz orqanik torbaların cəmiyyətə, istehlakçılara, ailə üzvlərimizə nə qədər gərəkli olduğunu, sağlamlığımız üçün nə qədər vacib olduğunu təşviq etməkdir. Bilirsiniz ki, plastik torbalardan tədricən imtina edilməsi ilə bağlı ölkə rəhbərinin rəsmi sənədi də var. Bu sənədə istinad edərək Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyinə müvafiq olaraq ölkəmizdə ekoloji təmiz torbaların istehsalına başladıq. Məsələ burasındadır ki, torbaların hazırlanmasına şəhid ailələrinin üzvlərini və hərəkət məhdudiyyətli insanları cəlb etmişik. Düşünürük ki, bizim addımlarımız cəmiyyət tərəfindən müsbət qarşılanacaq, ekoloji təmiz, orqanik materiallardan hazırlanmış torbaların daha geniş yayılmasını təmin etmək üçün hər kəs bu xeyirxah işə dəstək verəcəklər”.
Tədbirdə iştirak edən SƏS Media Qrupun rəhbəri Bəhruz Quliyev qeyd edib ki, bu aksiya polietilen torbalardan istifadənin azaldılması istiqamətində aparılan maarifləndirici layihə çərçivəsində təşkil olunub: ““Təbiəti qoruyaq!” devizi altında keçirilən aksiyanın məqsəd polietilen torbalardan istifadənin tədricən azaldılmasına nail olmaq, alternativ vasitə olan eko çantalardan istifadəyə üstünlük verməkdir. Polietilen torbaların ziyanı barədə burada ətraflı məlumat verildi. Son dövrlərdə bir çox ölkələrdə polietilen torbalardan və plastik butulkalardan istifadənin məhdudlaşdırılması ilə əlaqədar təşəbbüslər irəli sürülür. Azərbaycan Prezidentinin müvafiq Sərəncamından çıxış edərək Ekologiya və Təbii Sərvətlər Nazirliyi də artıq bu təşəbbüslərə qoşulub. Düşünürəm ki, bu addım daha geniş və əhatəli təbliğ olunacaq, nəticədə istehlakçılarımız orqanik qablardan istifadə etməklə özünün və təbiətmizin sağlamlığını qoruyacaq”.
Tədbir jurnalistlərə ekoloji təmiz çantaların paylanması ilə başa çatıb.
Sosial şəbəkələrdə paylaş:
0

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir