Qazaxda “Aprel şəhidlərimizi tanıyaq və tanıdaq” adlı layihənin icrası çərçivəsində şəhid ailələri ilə görüş keçirilib

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə “Gəncliyin Təşəbbüsü” Maarifləndirmə İctimai Birliyi “Aprel şəhidlərimizi tanıyaq və tanıdaq” adlı layihəsinin icrası çərçivəsində bu gün Aprel döyüşlərində şəhid olmuş qəhrəmanların ailə üzvləri ilə görüş keçirilib.

Qazax Gənclər Mərkəzində təşkil olunan görüşün əsas məqsədi layihə çərçivəsində görülən işlər haqda gənclərə məlumat vermək və gələcək layihələr haqda fikir mübadiləsi aparmaqdır. “Gəncliyin Təşəbbüsü” Maarifləndirmə İctimai Birliyinin sədri, Əməkdar məşqçi Azər Əliyev tədbiri giriş sözü ilə açaraq layihənin məqsəd və əhəmiyyətindən danışıb. Aprel döyüşlərində şəhid olmuş kapitan Orucov Mühüd Qurban oğlu, baş leytenant Namazov Elvin Məmməd oğlu və əsgər Əliyev Orxan Məhəmməd oğlunun göstərdikləri qəhrəmanlıqlardan söz açan birlik sədri onların keçdikləri döyüş yolunun gələcək nəsillərə örnək olduğunu bildirib. İllər ötsə belə onların daim qəlblərdə yaşayacağını, xatirələrinin hər zaman əziz tutulacağını bildirib. Layihə çərçivəsində reallaşan 9 tədbir haqqında məlumat çatdıran A.Əliyev tədbirlər və turnirlər zamanı fərqlənən 97 nəfər gəncə medal və diplom verildiyini qeyd edib. Həmçinin layihədə kütləviliyin tam təmin olunduğunu söyləyib. 

Tədbirdə iştirak edən Gənclər Fondunun əməkdaşı Zaur Osmanov çıxış edərək layihənin önəmini vurgulayıb. Gənclər Fondunun fəaliyyəti haqqında məlumat verərək bu cür layihələrin hər zaman üstünlük təşkil etdiyini bildirib. Gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında, şəhidlərimizin, Milli Qəhrəmanlarımızın tanıdılması, gələcək nəsillərə ötürülməsində bu cür layihələrin böyük əhəmiyyət daşıdığını qeyd edib.

Tədbir iştirakçılarından Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında baş məsləhətçi Sərdar Orucov da tədbirin önəmi, layihənin mahiyyəti haqqında danışıb. Gənclərə şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş belə layihələrdə aktiv iştirak etməyi, eyni zamanda da bəhrələnməyi tövsiyə edib. “Azərbaycan Qarabağ Müharibəsi Veteranları, Əlilləri və Şəhid Ailələri” İctimai Birliyinin Qazax rayon şöbəsinin sədr müavini, I qrup Qarabağ müharibəsi əlili Namiq Alıyev, Silahlı qüvvələrimizin veteranı, ehtiyatda olan polkovnik-leytenant Ərəstun Hacıyev və II qrup Qarabağ müharibəsi əlili Qurban Qurbanov şəhidlərimizin keçdikləri şərəfli döyüş yolundan, göstərdikləri qəhrəmanlıqlardan, Azərbaycanın vətənpərvər övladları olaraq Vətən və xalq naminə şəhidlik zirvəzinə ucalmalarından söhbət açıblar.

Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin direktoru İsmayıl Süleymanov layihə çərçivəsində əməkaşlıq haqda, eləcə də mərkəzin şəhidlərimizlə bağlı gördüyü işlər haqda gənclərə ətraflı məlumat verib. Aprel şəhidlərimiz kapitan Mühüd Orucovun atası Qurban Orucov, baş leytenant Elvin Namazovun qardaşı Elbəy Namazov və əsgər Orxan Əliyevin atası Məhəmməd Əliyev çıxış edərək əzizlərinin xatirəsinin yüksəkdə tutulmasına, hər zaman yad olunmasına görə layihə təşkilatçılarına öz minnətdarlıqlarını bildirib, gələcəkdə də bu cür yeni layihələrin keçirilməsini arzulayıblar. Dövlətimiz və ölkə başçısı, eləcə də rayon rəhbərliyi tərəfindən şəhidlərimizin xatirəsinin daim əziz tutulduğunu bir daha diqqətə çatdırıblar.

Tədbirdə gənclərlə mövzu ətrafında söhbətlər aparılıb, onların fikir və düşüncələri, maraqlı təklifləri öyrənilib. Sonda xatirə şəkilləri çəkdirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir